Bizim məqsədlərimiz:


1) Tələbə və şagirdlərin şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını təmin etmək.

2) Tələbə və şagirdləri cəmiyyət və şəxsi həyatda yaradıcılığa hazırlamaq.

Ön söz

XXI əsri elm və texnologiyalar əsri adlandırırlar. Bu heç də əbəs yerə deyilməyib. Həqiqətən də günümüzdə insan həyatının bütün sahələrinə müasir texnologiyaların aktiv təsirini hiss etmək mümkündür. Elm və texnologiyalardan danışıldıqda əsasən əsasən kompüter texnologiyaları nəzərdə tutulur. Kompüter texnologiyalarının inkişafı ölkəmizdə İKT sahəsini qeyri – neft sektorunda lider etmişdir.

Azərbaycan  Respublikası müstəqillik əldə etdikdən sonra İKT sahəsində sürətlə inkişafın getdiyinin şahidi oluruq. Belə ki, informasiya cəmiyyətinin qurulması sahəsində bütün dünyada sürətli proseslər gedir və Azərbaycanının da bu prosesdən kənarda qalması mümkünsüzdür.

Bakı Kompüter Kolleci də Azərbaycan Respublikası təhsil sisteminə İKT – nin inteqrasiyasını sürətləndirən, təhsilə İKT – nin tətbiqi ilə bağlı layihələrin reallaşmasında iştirak edən, profilinə görə yeganə dövlət təhsil müəssisəsidir.

Kollec fəaliyyətinin ilk illərində sadə kompüter proqramlarının tədris məkanı olsa da, sonradan İKT ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi sahəsində kadr təminatı məsələlərində öz potensialından istifadə etməyin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.

Artıq “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı” çərçivəsində yerlərdə on minlərlə iş yerləri açılmışdır. Kollecimiz bu sahənin orta ixtisas təhsili almış mütəxəssislərlə təminatında lider mövqeyə malikdir.

Təhsilin ardıcıl inkişafına və yeniləşməsinə milli inkişaf strategiyası kimi xüsusi önəm verən respublikamız aparıcı dövlətlərin təhsil sistemlərinin öyrənilməsinə, tətbiqinə, onlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir. Bu strategiyanı rəhbər tutaraq kollec təhsildə keyfiyyəti və beynəlxalq standartları təmin etmək üçün beynəlxalq əlaqələrini daim inkişaf etdirir, eləcə də ölkəmizdə fəaliyyət göstərən tanınmış, yerli və xarici şirkətlərlə yaxından əməkdaşlıq edir. Belə şirkətlərdən “İntel” korporasiyasının, “MİCROSOFT”, “HP”,  “ULTRA”, “SİNAM”, “AZNET”, “TACİS”, “Multimedia və informasiya sistemləri texnologiyaları mərkəzi və müasir İKT dünyasına sürətlə inteqrasiyada lider olan digərlərini qeyd etmək olar”

Azərbaycanın İKT sektorunda kəmiyyət və keyfiyyətcə əhəmiyyətli rola malik Bakı Kompüter Kolleci ölkəmizdə təhsilin inkişafı üçün yaradılmış geniş imkanlar hesabına öz nailiyyətlərini əzmlə davam etdirir və özünün 10 illik yubileyini     yeni-yeni uğurlar, yüksək nailiyyətlər, möhkəm maddi-texniki baza, təcrübəli müəllim heyəti, perspektivli tələbələri ilə qarşılayır.

Sevindirici haldır ki, çoxsaylı dövlət və özəl təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ciddi rəqabət şəraitində kollec öz fəaliyyətini daha da gücləndirir, hər il tələbə qəbulunun nəticələrinə görə abituriyentlərin ən çox meyl göstərdikləri mərkəzlərindən biri kimi nüfuz qazanmışdır.